суббота, 17 октября 2015 г.

PEŞƏ SEÇİMİ NƏDİR VƏ NƏ ÜÇÜN ÖNƏMLİDİR?
 Peşə – xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliy-yətidir. Peşələr işin xidmət funksiyaları və tətbiq edilən əmək alətləri ilə xarakterizə edilirlər.
İxtisas – insanın əmək fəaliyyəti olub, müəyyən istehsal (xidmət) sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər komleksidir. İxtisas peşə daxilində formalaşır (peşə daxilində müxtəlif fəaliyyət növləridir). Peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi: fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi və s. Mühəndis peşəsi: tikinti mühəndisi, maşınqayırma mühəndisi, cihazqayır-ma mühəndisi və s. ixtisaslari əhatə edir.
Respublikamızda əmək münasibətləri Azərbaycan Res-publikası Konstitusiyası, Beynəlxalq konvensiyalar, “Əmək məcəlləsi” və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Dünyada 240 minə yaxın peşə növü vardır. Peşələr 5 növə bölünür: İnsan-təbiət, İnsan-texnika, İnsan-insan, İnsan-işarələr sistemi, İnsan-bədii obraz. Bunlar əsas peşə növləridir. Ən əsası özünə uyğun peşə seçimidir.
Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsə-di ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimi-mizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabiliyyətli olursa, uğur qazanırsa bizim də ilk ağlımıza gələn o peşəni seçmək olur. Ancaq zaman zaman qərarlarımızı dəyişdiririk.
Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq, və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Bu amilləri üzə çıxartmaqda peşəyönümünün rolu böyükdür. Bununla yanaşı, gənclərə peşəyə dair məsləhətlər, əmək bazarında real vəziyyət haqqında məlumatlar vermək lazımdır. Çünki bu gün peşə və ixtisas düzgün seçilməzsə, gələcəkdə həmin peşə və ixtisas üzrə işlə təmin olunmaqda problem yaranır ki, bunun da nəticəsində işsizlik ortaya çıxır. Bu problem dünyanın bütün ölkələrində mövcuddur.
Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın maraq və meyllərinə, bacariqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcədə əhəmiyyət kəsb edir. Bu vacib işin uğurla həyata keçirilməsi üçün peşə seçiminin müvafiq qurumlar tərəfindən düzgün aparılması xüsusi dəyər kəsb edir. Ona görə də hər bir gənc ilk növbədə iş dünyasının tələblərini və sahibkarların nə istədiklə-rini, hansı keyfiyyətlərə üstünlük verdiklərini müəyyən etmə-lidir.
İxtisas seçərkən bir neçə  sualı əsas götürmək lazımdır.

– Mən nələr edə bilərəm? (Fərdin qabiliyyətinin müəy-yənləşdirilməsi)
– Məni nə maraqlandırır (Maraq sahələrinin müəyyən-ləşdirilməsi)
– Xarakterim necədir? (Fərdin xüsusiyyətlərinin müəy-yənləşdirilməsi)
– Mən nə istəyirəm? (İş dəyərlərinin müəyyənləş-dirilməsi)
Hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiy-yəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər.
Düzgün, seçilən peşə insan həyatına nə kimi təsirlər edir? Bu barədə psixoloqlar bunları məsləhət görmüşdür.
1. Həyatı boyunca davamlı bir iş sahibi olub və ya ola bilməyəcəyini təyin edəcək.
2.Yaşamı boyunca müvəffəqiyyətli və ya müvəffəqiy-yətsiz bir adam olmasında əhəmiyyətli bir rol oynayacaq.
4. Həyatı boyunca yaşayacağı mühiti və ya ətrafların xüsusiyyətini və yerini təyin edəcək.
5. Ailəsinin qazancını və dolanışıq tərzini təyin edəcək. İşindən zövq alıb almayacağı bunun nəticəsində məsuliyyətli bir insan olub ola bilməyəcəyini təyin edəcək.
Gəncin peşə (ixtisas) seçimində ailənin böyük rolu var. Bəzən gənclər  seçimi valideynlərin öhdələrinə buraxırlar. Nəticədə isə bir çox problemlər meydana çıxır. Məs: Valideyn oglunu və ya qızını hüquqşünas görmək istəyir. Gənc bu ixtisasa qəbul olur, təhsilini başa vurduqdan sonra isə başa düşür ki insanlarla ünsiyyətdə olmaq, onların problemlərini həll etmək qabiliyyəti onda yoxdur.
Psixoloqlar ixtisas seçərkən ixtisasın insanın psixoloji xüsusiyyətləri ilə peşə xüsusiyyətləri arasında uyğunluq olma-sını vacib sayırlar. Məs: Korrektora diqqət, rəssama yaradıcılıq, düşüncə,  jurnalistə yazı yazmaq qabiliyyəti və s. lazımdır. Bu üzdən hər bir ixtisasa fərdi yanaşmaq lazımdır. Məs: əgər sən ünsiyyətcilsənsə sənə geniş insan kütləsi ilə ünsiyyət tələb edən işlər daha uyğundur, yox əgər sən qeyri-sabit, emosional insansansa bu cür işlər sənin üçün uyğun deyildir.
Digər tərəfdən ekspertlər düşünürlər ki, peşə (ixtisas) seçimində əmək bazarının tələbatı da nəzərə alınmalıdır.
Şəhərimizin əmək bazarına diqqət etsək görərik ki, son illər şəhərin iqtisadiyyatı sürətlə inkişaf edir və yeni yaradılmış iş yerləri qabaqcıl texnologiyalar əsasında qurulur. Müasir istehsal müəssisələrindən “Gilan-Dəri”  MMC, “Lalə-Tekstil” MMC, “ARFA” LTD MMC, “Azərtoxum” toxumçuluq müəs-sisəsi, “Karvan-K” MMC və digər müəssisələr yeni texnolo-giya əsasında qurulduğu üçün həmin müəssisələrdə informa-siya texnologiyaları üzrə peşələrə yiyələnmiş işçi qüvvəsinə tələbat vardır.

Belə olduqda sosial-iqtisadi tərəqqinin özülündə duran ixtisas sahələrinə – mühəndis texniki təhsil, informasiya texnologiyası üzrə peşələrə diqqət artırılmalıdır. Eyni zamanda şəhərimizin iqtisadiyyatının dinamikası bankların sürətlə inkişafına zəmin yaratmışdır ki, bu da maliyyə-kredit ixtisas-larına tələbatı yaratmış və artırmışdır. O cümlədən neft-kimya mühəndislərinə, kompüter mühəndislərinə, proqramçılara, ictimaiyyətlə əlaqələr, reklam və s. işlərdə işləyən mütəxəssislərə ehtiyac böyükdür.


ÖZÜNÜZÜ KƏŞF EDIN

(Özünü tanımayan insanlar öz həbsxanalarını
inşa edən məhkumlar kimidir. Con U.Qardner)
 Hər bir kəs istər şəxsi, istərsə də professional iş həyatında ən ideal olana çatmaq, özü üçün ən uyğun karyera sahəsini tapmaq və o sahədə də yüksələ biləcəyi ən yüksək mövqeyə qalxmağı hədəfləyir. Bu səbəblə insanın etmək istədiyi və ona ən uyğun peşəsini tapmağı olduqca əhəmiyyətlidir.
Hər bir fərdin həyat tərzi, xarakteri, həyata baxışı bir başqa-sından fərqli olduğu üçün adam özünü ən yaxşı ifadə edə biləcəyi, həyat boyu məşğul olmaqdan sıxılmayacağı və təbiətinə uyğun olan peşəyə yönəlməlidir. Çünki seçdiyiniz peşə həyatınız boyu sizinlə bərabərdir. Həkim olduğunuz zaman, bu yalnız xəstəxanada gördüyünüz işdən ibarət deyil. Getdiyiniz hər yerdə “həkim xanım və ya həkim bəy mənim səhhətimdən şikayətim var” kimi suallarla  peşəniz həyatınızın hər anını əhatə edəcəkdir. Və yaxud kompüterçi olduğunuz za-man getdiyiniz yerlərdə hər hansı bir hissəsi işləməyən kompyuterdən sizə şikayət-lər gələcək. Çünki insan-ların sizin bildiyiniz mövzu-da kömək tələb etmələri təbii haldır. Bu nümunələri bir az da artıra bilərik. Burada izah etmək istədiyimiz məqam seçilən peşənin həyatımızın hər nöqtəsinə təsir etməsidir. Bu üzdən də hər bir gəncin peşə (ixtisas) seçimində üzıərinə düşən vəzifələr bunlardır:
1. Gənc özünü tanımalıdır
Gənc, fiziki xüsusiyyətləri, sağlamlıq vəziyyəti güclü və zəif tərəfləri, zəka forması, xüsusi qabiliyyətləri, çatmaq istədiyi ideallar və arzu etdiyi müvəffəqiyyət növü haqqında məlumat sahibi olmalıdır.
2.Gənc seçdiyi ixtisası tanımalıdır, bütün ixtisaslar haqqında məlumatı olmasa da seçdiyi ixtisası yaxından tanımalıdır.
2. Gənc seçdiyi peşənin (ixtisasın) tarixini, təkamülünü, görüləcək işin xüsusiyyətlərini, iştapma ehti-malını və işin ölkə səviyyəsindəki etibarlılığını bilməlidir.
Gənc öz xüsusiyyətləri ilə seçdiyi peşənin (ixtisasin) xüsusiyyətləri arasındakı uyğunluğu araşdırmalıdır.
3. Gənc təsadüfi seçim etməkdən qaçmalı, seçməyi düşündüyü peşədə axtarılan xüsusiyyətlərin özündə olub-olmadığını nəzərdən keçirməlidir.
Yaxşı bu peşə hansıdır?
Onu necə təyin edə bilərik?
Hansi peşənin sizə uyğun olduğunu anlamağa aşağıdakı bir neçə sual köməkçi olacaq:
– Hansı televiziya və radio proqramları marağınızı çəkir?
– Xobbiləriniz nələrdir?
– Yoldaşlarınızla hansı mövzuda danışmağı xoşlayır-sınız?
– Ən xoşunuza gələn peşə hansıdır?
– Əgər xaricdə təhsil almaq imkanınız olsaydı hansı sahədə təhsil aalardınız?
– Əgər istifadə edə biləcəyiniz külli miqdarda pul olsay-dı, hansı sahədə özünüzü sınayardınız?
Bu sualları araşdırdıqdan sonra müəyyən bir sahəyə yönəliş görəcəksiniz. Bu suallar eyni zamanda maraq sahənizi təyin etməkdə və bu sahədə bir karyera qurmaqda sizə bələdçi olacaq. Bütün bunlar sizin duyğu və düşüncələrinizi analiz etməyinizə və doğru seçim etməyinizə kömək edəcək.

 DÜZGÜN PEŞƏ SEÇİMİ ÜÇÜN PEŞƏLƏRİ TANIYIN
Sənətin, peşənin yaxşısı, pisi olmur. Hər biri gərəklidir. Amma son vaxtlar peşə seçimində yaranmış problemlər həqiqətən də ixtisasların saf-çürük olmasına ehtiyac yaradır. Bu il alimlərin araşdırmasına görə ən gəlirli və lazımlı işlərin siyahısı açıqlanmışdır.

 1. Mühəndis proqramçı: Bu peşəyə nazirlikdən tutmuş adi ofisə kimi hər yerdə tələbat var. Xaricdə, xüsusən də kompüter oyunlarını təmin edən proqramçılar külli miqdarda gəlir əldə edib, hətta milyonçuya çevrilə bilirlər. Təsadüfi deyil ki, dünyanın ən varlı insanı və iş adamı Bill Qeyts məhz kompyuter proqramçısıdır. Bu peşənin sahibi olmaq üçün riyaziyyat və kibernetikanı əla bilmək, güclü düşüncə tərzinə malik olmaq, yaxşı görmə qabiliyyəti və gecələr yuxusuz həyata hazır olmaq tələb olunur.
 2. Maliyyə ixtisasları: Amerka və Avropa Universitetlərinin hər birində bu ixtisas üzrə fakültələr var və ən çox tələbə qəbulu məhz bu fakültələrin payına düşür. Azərbaycanda da gənclər ara-sında aparılan sorğuda da “kim olacaqsan?” sualında respondetlərin 60%-i “maliyyə məsləhətçisi” cavabı verir.Çox yüksək maaşlı, daim ehtiyac olan yaxşı sənətdir. Mənfi tərəfləri isə bitmək bilməyən stress, bir də iş qrafikidir.
 3. Həkim və Müəllim: Dünya durduqca həkimə, tibb işçisinə həmişə ehtiyac olacaq. Avropa ölkələrində cərrahların ilkin qazancı bu sənətdən çıxır. Bu sənət çox peşə sahiblərini geridə qoyur. Elm həmişə insana lazım olur. Çünki elmsiz insanın indiki dövrdə yaşaması çox çətin olur. Adını çəkdiyimiz sənətlərdə və bütün peşələrdə də işləmək üçün elm tələb olunur. Elmlənmək üçün də müəllimə ehtiyac var. Mənfi tərəfləri bu peşə sahibləri həqiqətən də yorğunluğa düçar olur və onların sinir sisemləri çox dəyişikliyə məruz qalır.
 4. Satış liderləri və ya satış üzrə baş menecer:  Biznesdə əsas məsələ malı istehsal etmək yox, onu satmaq olduğundan Azərbaycandakı istənilən şirkətin rəhbərliyi yaxşı, bacarıqlı və dinamik satış rəhbərləri axtarırlar. Şirkətlər üçün əsas satış bazarını saxlamaqla yanaşı, böyütmək və satışları artırmaq bacarığına malik insanlar gərəkdir. Belə şəxs danışıq-ları ustacasına aparmalı, işin öhdəsindən gəlməlidir. "Siya-sətçi", "Vasitəçi" və "Şövqlü" tipli xasiyyət tipajına aid insanlar bu işin öhdəsindən gələ bilərlər. Azərbaycanda orta və iri şirkətlərdə satış üzrə baş menecerlərin aylıq maaşlarının orta məbləği 1000 manatdan başlayır.
 5. İcraçı direktor. Bu vəzifəni uğurla yerinə yetirəcək insana istənilən şirkətdə ehtiyac var. Bəhs etdiyimiz postda çalışıb işin öhdəsindən məhsuldarcasına gələ biləcək insan inzibatçılıq, müfəttişlik xüsusiyyətlərinə malik olmalıdır. Eyni zamanda, insanları idarə etmək bacarığı və enerjili iş qabiliy-yəti də öz yerində olmalıdır. Rekrutinq şirkətlərinin təkliflə-rinə, bir də işədüzəltmə saytlarındakı vakansiyalara nəzər saldıqda, icraçı direktor vəzifəsində normal fəaliyyət göstərə biləcək insan ayda minimum 800 manata bel bağlaya bilər.
 6. İnkişaf üzrə direktor. Bu vakansiyada yaşın əsla əhəmiyyəti yoxdur, çünki bəzən 60 yaşlı insanlar da enerjili, soyuqqanlı, ağıllı və gələcəyə baxmağı bacaran olurlar. İnkişaf üzrə direktorun əsas vəzifəsi "pullu sahə"ləri müəyyən-ləşdirmək, şirkətin bundan sonra fəaliyyət göstərəcəyi istiqa-mətləri seçmək, təklif və layihələrlə çıxış etmək, başqaları ilə müqayisədə bir addım qabağı görmək bacarığıdır. Azərbay-candakı iri şirkətlərdə inkişaf üzrə direktorların orta aylıq maaşının məbləği 1500 manatdan başlayır.
 7. Maliyyə analitiki. Təbii ki, pul saymağı hamı bacarır. Amma maliyyənin normal iqtisadi təhlilini aparmaq az sayda insanların işidir. Bu vəzifədəki insanlara güclü hissiyyat və qüsursuz məntiq gərəkdir. Bakıdakı şirkət sahiblərinin və rəhbərlərinin dediklərinə görə, onların əksəriyyətində maliyyə analitiki vəzifəsində çalışanlar sabiq kompüter mütəxəssis-ləridir. Belə insanlar maliyyə sahəsinə keçən kimi, gerçək istedadları üzə çıxır. Yerli şirkətlərdə maliyyə analitiki ayda ən azı 900 manatlıq maaşa güvənə bilər.
 8. Baş mühasib. Şirkətlərin istisnasız olaraq hamısının maliyyə hesabatlarını qüsursuz aparıb hazırlayan, habelə qurumun xərclərinin azaldılmasına nail olan insana ehtiyacları var. Hər zaman nəyəsə məntiqi şəkildə qənaət etməyi bacaran mühasibin isə az qala başına and içirlər. Özəl qurumlarda bacarıqlı baş mühasibin maaşı ayda 750-860 manatdan başlayır.
 9. Personalla iş (HR) üzrə menecer.  Bu vakansiyada çalışmaq istəyənlər Azərbaycan, rus və ingtilis dillərini; Əmək Məcəlləsi və əməyin mühafizəsi qaydalarını bilməli; böyük həcmdə sənədlərlə işləməyi, komandada çalışmağı, rəhbərlik etməyi, müstəqil qərarlar qəbul etməyi bacarmalıdır. Sözügedən vakansiyaya iddialı adam Əmək Məcəl-ləsi, kadr işini əla bilməli; şirkət üzrə qaydalar, prose-durlar və təlimatları savadlı şəkildə hazırlamalı, dövlət strukturlarına hesabatları tərtib etməli, vakansiyalarla iş və işə qəbul söhbətləşmələrini aparmalı, işçilərin fəaliyyətinə nəzarət etməli, ən başlıcası isə şirkət əməkdaşlarının motivasiyası, adaptasiyası və karyeralarının planlaşdırılması ilə məşğul olmalıdır. Personalla iş üzrə menecerin aylıq maaşının orta statistik məbləği 700-1000 manatdır.
 10. Marketoloq. Normal fəaliyyət göstərən firma və şirkətlərdə önəmli səlahiyyətlərə malik insandır. Mal və ya məhsulun bazarda sabah necə olacağı, hansısa sahəyə pul yatırmaq və ya əksinə, investisiyaları geri çəkmək məhz marketinqdir. Sadəcə, diplomla burada heç nə həll olunmur. Yaxşı marketoloq-luq üçün novator, tənqidçi, bazardakı prosesləri əvvəlcə-dən qismən də olsa, proq-nozlaşdırmağı bacaran insan olmaq gərəkdir. Marketoloqun aylıq maaşı ən azı 700 manatdır.
 11. Layihə meneceri. Bu vəzifədə çalışan adam sadəcə, işi necə görməyi nəzəri cəhətdən bilən diplomlu adam yox, nəzəriyyəni praktikada reallaşdıra bilən şəxsdir. İstənilən yeni layihə və iş çoxsaylı problemlərlə müşayiət olunur. Ona görə də bol problemləri həll etməklə yanaşı, başqa təşkilatlarla da əlaqələr quraraq möhkəmlətməyi və ən başlıcası, komanda idarəetməsini unutmayan adama tələbat böyükdür. Yaxşı layihə menecerini şirkətlər "əldə çıraq"la axtarırlar və ayda ən azı 1000 manat ödəməyə hazırdırlar.
 12. Köməkçi-assistent və ya layihə (proqram) direktorunun müşaviri: Vəzifənin adı bir qədər nahamvar səslənsə də, bu vakansiyanın potensial iddialıları ali təhsilli olmalı, ingilis və rus dillərini əla bilməli, habelə ofis proqram-larında çalışmağı bacarmaqla yanaşı, təşkilatlar və strukturlarla sürətlə əlaqələr qurmalıdır. Kütləvi informasiya vasitələri ilə təmaslar da təbii, yüksək səviyyədə olmalıdır. Assistent (müşavir) ayda minimum 750 manata bel bağlaya bilər.
 13. Və ən nəhayət, qrafik dizayner. Paradoksal olsa da, faktdır: Azərbaycanda ən çox işlədiklərini deyən, amma az qala "azad iş qrafiki"nə malik olan şəxslər qrafik dizaynerlərdir. Şirkətlərdə bu ixtisas və bacarıq sahiblərinə tələbat böyükdür. Ölkənin biznes strukturları və istehsal sahələri inkişaf etdikcə, mal və məhsulların qrafiki müşayiəti də xüsusi önəm kəsb edir. Bu şəxslər ayda 700 manatı "start" maaşı sayırlar.
Yaxşı maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq üçün əlverişli peşələri seçmək asan deyil. Respublikamızda iş və ixtisasın müəyyənləşməsi, sonra da həmin müəyyənləşmiş seçimlə "hədəf" aranması prosesi kökündən dəyişib. İndi təyinatla iş yerinin təmin edildiyi sahələr həddən azdır. Yox əgər aranızda ucqar kəndlərdə pedaqoq və ya dənizdə xilasedici çalışmaq, yaxud da gecə növbəsində yol tikintisində işləmək istəyənlər varsa - problem hiss etməyəcəklər. Bu peşələrdə işləmək istəyənlərə həmişə ehtiyac olub, var və çox yəqin ki, bundan sonra da olacaq.

UNİVERSİTETLƏRİ  SEÇƏRKƏN  NƏLƏRƏ DİQQƏT  YETİRMƏK VACİBDİR
Hər sahədə sürətli bir inkişafın baş verdiyi bir vaxtda ölkələr öz rifah səviyyələrini yüksəltmək istəyirlər və bu çərçivədə təhsil, səhiyyə və iqtisadiyyat sahələrinin birinci yerdə olmasına  xüsusi diqqət verirlər. Təbii ki, bu sahələrin də inkişaf etməsinin əsasını digər faktorlardan daha çox əhəmiyyətli olan texnologiyanı yaxşı bilən, müasir dövrün tələblərinə cavab verən və yüksək səviyyədə təhsil almış kadrlar təşkil edir.
Belə kadların hazırlanması isə əlbəttə, universitetlərin əsas vəzifəsidir. Universitetlər sadəcə kadrların hazırlanması ilə deyil, eyni zamanda elmi tədqiqatların aparılmasında da əsas baza rolunu oynayırlar. Bu isə heç şübhəsiz firmalara, sənaye müəssisələrinə, təşkilatlara, dövlət orqanlarına və qısaca iş dünyasına lazım olan faydalı amillərdir və eyni zamanda iş dünyasının buna ciddi ehtiyacı var. Elmi tədqiqatların nəticələri, bu tədqiqatları aparan elm adamları və ixtisaslı kadr hazırlığı dövlət və özəl təşkilatların hədəflərinə çatmalarında çox əhəmiyyət kəsb edir. İş dünyasının tələblərini, təcrübi həyatın şərtlərini, təcrübi problemləri və iş dünyasının mühitini öyrənmək və bu istiqamətdə fəaliyyət prinsipini seçmək də universitetlər üçün də vacib amildir. Bütün bu faktorlar universitet və iş dünyası arasındakı əməkdaşlığın vacibliyini göstərir. Bu əməkdaşlığın mənası; universitetlərdəki mövcud məlumat yığımı və kamilləşmiş insan gücü ilə iş dünyasının mövcud təcrübəsi və maddi gücünün bir sistem daxilində birləşdirilməsi nəticəsində ortaya çıxan elmi, texniki, iqtisadi və idari fəaliyyətlərdir. Bir yandan keyfiyyətli təlim-tərbiyə fəaliyyəti ilə iş dünyasının ehtiyac duyduğu ixtisaslı iş gücünü yetişdirməyi, digər yandan da iş dünyasına istiqamətləndirilmiş seminar, işgüzar məsləhət, layihə v.b. fəaliyyətlərlə iş dünyasının ehtiyac duyduğu sahələrdə akademik təcrübə bazasını paylaşmağı hədəf alan universitetlərə böyük ehtiyac vardır.
Elə bu üzdən də ixtisas seçimindən sonra, ikinci önəmli məsələ gəncin hansı ali məktəbə qəbul olacağını düzgün müəyyən etməsidir. Bu məsələ də ixtisas seçimi qədər önəmlidir. Bildiyimiz kimi hər müəssisənin bir məhsulu olur. Həmin məhsulların keyfiyyəti isə ona olan tələb ilə ölçülür. Təbii ki, alıcılar daha keyfiyyətli məhsullar almağa üstünlük verirlər. Əslində isə ali məktəb də bir müəssisədir. Onların məhsulları isə məzunlardır. Müəssisə və şirkətlər işçi seçərkən daha yaxşı təhsil verən, tələbələrinə seçdikləri ixtisası daha dərindən öyrədən universitetlərə üstünlük verirlər. 
Hazırda ölkəmizdə özəl müəssisələr də daxil olmaqla, 50-dən çox ali məktəb fəaliyyət göstərir. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək. Bütün bunlarla yanaşı, abituriyentin mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməsi onun uğurlu nəticə əldə etməsinə müsbət təsir edəcək. 
Gənc ali təhsil alacağı təhsil ocağını seçməzdən əvvəl valideynləri, dostları, tanışları ilə məsləhətləşməli, maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmaq imkanları, əldə edəcəyi diplomun ölkə daxilində və xaricdə dəyərləndirilməsi ilə maraqlanmalıdır.