среда, 19 февраля 2014 г.

İnsanın mənəvi-ruhani inkişafının bəzi psixoloji məsələləri

  İnsanın mənəvi-ruhani inkişafı o, özünə “Mən kiməm? Nə üçün bu dünyaya gəlmişəm? Həyatda necə yaşamaq lazımdır: ürəyin istədiyi kimi, yoxsa ağlın dediyi kimi? Dünya niyə yaradılıb? Mənim missiyam nədir? ” – suallarını verəndə başlayır. Bu sualları verənə qədər insan müəyyən bir inkişaf dövrünü keçmiş olur. Bu dövrü tənqidi fikrin yaranmasına qədər olan dövr adlandırmaq olar.
Dünyanın tamlığı əksliklərin vəhdətindən yaranmışdır. Yaradılan hər şeyin strukturunda iki əks tərəf mövcuddur: yer-göy, gecə-gündüz, qadın-kişi, xeyir-şər, məhəbbət-nifrət, bədən-ruh və s.
İnsan da ikili təbiətə malikdir. O, həm bioloji, həm də sosioloji varlıqdır. Bioloji varlıq kimi insan fərdi bio-psixi xüsusiyyətlərə, sosial varlıq kimi sosio-mədəni xüsusiyyətlərə malikdir.
Insanın bio-psixi tələbatları o, doğulan gündən təzahür etdiyi halda, onunla birgə doğulan mənəvi tələbatları təzahür edənə qədər insan müəyyən inkişaf dövrünü keçir. Bu inkişafın nəticəsində tənqidi fikrin yaranması ilə bağlı insan özünə yuxarıda sadaladığımız sualları verir. Bu dövrü tənqidi fikrin yaranması dövrü adlandırmaq olar. Bu zaman kəsiyi insanın mənəvi inkişafa olan tələbatının oyanması kimi qiymətləndirilir.
Ikinci dövrə gəlib çatana qədər insan artıq müəyyən inkişaf mərhələsi keçmiş olur. Belə ki, o, artıq sosiallaşma prosesinə qatılmış olur, yəni fərd sosial institutların təsirinə məruz qalır: ailədə, məktəbdə, həmyaşıdlar qrupunda mənsub olduğu cəmiyyətin mədəniyyətini tədricən mənimsəmiş olur.
Şəxsiyyət sosial varlıqdır. Onun sosiallaşması zəruri prosesdir. Şəxsiyyətin mənəvi keyfiyyətləri sosiallaşma prosesində formalaşır. Sosiallaşma insanların birgəyaşayışını təmin edir. Insanın sosiallaşması daxil olduğu cəmiyyətin dəyərlər sistemini, münasibətləri, davranış normalarını, stereotiplərini mənimsəməsi prosesidir. Insan bu təcrübəni mənimsədikcə mədəniləşir, yəni məxsus olduğu cəmiyyətin keyfiyyətlərini əxs edir. Bu prosesdə sosiumun dəyərlər sistemini mənumsəyən fərd onları özünün daxili aləminə uyğunlaşdırır, onları özününküləşdirir, yəni özünün daxili dəyərlər sistemini formalaşdırır. Daxili dəyərlər sistemi şəxsiyyətin daxili mövqeyini formalaşdırır. Daxili mövqe insanın bio-psixi xüsusiyyətləri ilə şəxsi keyfiyyətlərinin vəhdətindən yaranır. Bu dövrü daxili mövqenin yaranması dövrü adlandırmaq olar.
Bu dövrdə həyat və fəaliyyətində özünü realizə edən şəxsiyyət özünün daxili dəyərlər sistemi ilə yaşadığı cəmiyyətin dəyərlər sistemi arasında uyğunsuzluğun olduğunu müşahidə edir. Şəxsiyyət artıq hansısa həyat hadisəsinə cəmiyyətin dəyərlər sistemindən çıxış edərək hazır verilmış münasibət deyil, əksinə cəmiyyətin və əsas da özünün gözləmədiyi bir münasibət bəsləyir, onun hisslərinin məzmunu dəyişir. Insan təəccüblənir (ancaq təəccüblənməyə də bilər). Bu, S. Xəlilovun qeyd etdiyi kimi insanın “Öz”ü ilə görüşüdür. ( “Öz” termin kimi S.Xəlilova məxsusdur). “Öz”ü ilə görüşən insan seçım qarşısında qalır. Bu dövrü seçim dövrü adlandırmaq olar. O, ya xainlik etməyib özünə sadiq qalmalı, cəmiyyətdən uzaqlaşmalı, yadlaşmalıdır, ya da başqalarına sadiq qalıb “Öz”ünü “satmalıdır”, özgələşməlidir. Hansı seçim etməsi insanın şəxsi keyfiyyətlərindən, özünə münasibətindən, özünə nə dərəcədə etibar etməyindən, özünü dinləyə bilmək bacarığından asılıdır. Özünə sadiq olmayan insan hisslərini, arzularını sıxışdırır, yadlaşır, özünə xainlik edir, bir şəxsiyyət kimi fərdiliyini, yəni ancaq onaməxsus unikal şəkildə mövcud olan bio-psixi-sosio-mədəni xüsusiyyətlərini, məcmusunu itirir. O, daha özünü dinləmir, daxilindən gələn səsə etibar etmir, daxili potensialını – yaradıcılıq potensialını itirir, realizə etmir. ”Öz”ü ilə görüş S.Xəlilovun çox dəqiqliklə ifadə etdiyi kimi “yaşadığın hisslərin dərk olunması və dərk etdiyinin yaşanması” prosesidir. Bu proses İnsanı Yaradanına aparan mənəvi-ruhani inkişaf yoludur.
Dediklərimizi yekunlaşdıraq. Beləliklə:

1. Dünyanın tamlığı əksliklərin vəhdətindən yaranır.
2. İnsanın şəxsiyyət kimi formalaşması iki bir-birinə əks amillərin: bio-psixi və sosio-amədəni amillərin təsiri ilə baş verir.
3. İnsanın mənəvi inkişaf prosesini dörd böyük dövrə bölmək olar:

- tənqidi fikrin yaranmasına qədər olan dövr;
- tənqidi fikrin yaranması dövrü;
- daxili mövqenin formalaşması dövrü;
- seçim dövrü.

4. “Öz”ü ılə görüş insanın Yaradanı ilə görüşə hazırlıq vəziyyətidir.

Комментариев нет:

Отправить комментарий